ŞAMİL DÜNYAMALI OĞLU QURBANOV
Şamil Qurbanov 1934-cü il mayın 10-da Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra 1955-1960-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil almışdır. Şamil Qurbanov əmək fəaliyyətinə “Azərbaycan məktəbi” jurnalı redaksiyasında ədəbi işçi kimi başlamışdır. Bir müddət universitetin jurnalistika kafedrasında baş laborant işləmiş, sonra aspiranturaya daxil olmuş və 1965-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1965-1968-ci illərdə “Bakı” qəzeti redaksiyasında elm və mədəniyyət şöbəsinin müdiri işləmişdir. Şamil Qurbanov 1968-ci ildən etibarən əmək fəaliyyətini pedaqoji işlə bağlayaraq, universitetin müəllimi, baş müəllimi və dosenti kimi çalışmışdır. O, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1980-ci ildə isə professor elmi adı almışdır. Şamil Qurbanov 1981-1991-ci illərdə universitetin filologiya fakültəsinin qiyabi və axşam şöbələrinin dekanı olmuşdur. 1989-cu ildən ömrünün sonuna qədər Şərqi slavyan və türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Şamil Qurbanov pedaqoji fəaliyyəti ilə yanaşı, elmi araşdırmaları ilə də geniş tanınan alim idi. Onun elmi fəaliyyətinin əsas istiqamətləri klassik Azərbaycan ədəbiyyatı, ədəbi əlaqələr, mühacirət ədəbiyyatı, repressiya qurbanları olmuş ədiblərin yaradıcılığı problemlərinin tədqiqi idi. O, iyirmiyə qədər kitabın, yüzlərlə məqalənin müəllifidir. Alimin “Açılmamış səhifələr”, “Ədəbi dostluq”, “Klassik rus poeziyası Azərbaycanda”, “Ömrün fikir dünyası”, “Cəmaləddin Əfqani və türk dünyası”, “Nəriman Nərimanov dünyası” kimi əsərləri elmi ictimaiyyət və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmışdır. Onun əsərləri İran, Türkiyə, İraq və başqa ölkələrdə çap olunmuşdur. Şamil Qurbanov Azərbaycan publisistikasının görkəmli nümayəndələrindən Hüseyn Minasazovun, Ömər Faiq Nemanzadənin və Rəhim bəy Məlikovun seçilmiş əsərlərini tərtib etmiş və nəşr etdirmişdir.
Şamil Qurbanov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən ictimai xadim kimi də yaxşı tanınırdı. O, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Şamil Qurbanov Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü kimi müstəqil Azərbaycan Respublikasında qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsində yaxından iştirak etmiş, ölkəmizdə həyata keçirilən hüquqi islahatların qanunvericilik bazasının təkmilləşdirilməsində əlindən gələni əsirgəməmişdir. Onun Azərbaycanla Gürcüstan arasında parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsində də xidmətləri vardır.
Elmi, pedaqoji və ictimai fəaliyyətində böyük tələbkarlıq və prinsipiallıq nümayiş etdirən Şamil Qurbanov üzərinə götürdüyü bütün vəzifələrə həmişə dərin məsuliyyətlə yanaşaraq, onların öhdəsindən ləyaqətlə gəlmişdir.
Tanınmış ictimai xadim, təcrübəli alim-pedaqoq, qayğıkeş insan Şamil Qurbanovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Murtuz Ələsgərov,
Artur Rasizadə, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,
Arif Rəhimzadə, Ziyafət Əsgərov,
Gövhər Baxşəliyeva, Fatma Abdullazadə,
Misir Mərdanov, Nizami Xudiyev,
Anar Rzayev, Şahlar Əsgərov,
Zahid Qaralov, Səfa Mirzəyev,
Abel Məhərrəmov
Mərhumun cənazəsi vidalaşmaq üçün 2004-cü il yanvarın 17-də saat 13.00-dan 15.00-dək Bakı Dövlət Universitetinin akt salonunda qoyulacaqdır (Zahid Xəlilov küçəsi, 23).