SANKT-PETERBURQDA 20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Azərbaycan Respublikasının Sankt-Peterburq şəhəri və Leninqrad vilayətindəki fəxri konsulluğundan AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, konsulluq 20 Yanvar hadisələrinin 14-cü ildönümünə həsr olunmuş xatirə gecəsi keçirmişdir. Tədbir iştirakçıları ümummilli liderimiz Heydər əliyevin və öz canlarını vətənimizin azadlığı uğrunda qurban vermiş şəhidlərin əziz xatirələrini bir dəqiqəlik sükutla anmışlar. Fəxri konsul Qudsi Osmanov Azərbaycan xalqının başına gəlmiş dəhşətli fəlakətlərdən danışaraq bildirmişdir ki, yalnız müdrik siyasətçi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə yanvarın 20-də Bakıda törədilmiş hadisələrə siyasi qiymət verildi, silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Tariximizə Qanlı Yanvar kimi daxil olmuş bu faciə bir tərəfdən xalqımızın sinəsinə dağ çəksə də, digər tərəfdən onun milli azadlıq ruhunu nümayiş etdirmişdir. Xatirə gecəsində Azərbaycan Milli-Mədəni Muxtariyyətinin şura sədri Vaqif Məmişev, ziyalılar – professor Raqib Abbasov, professor Aza Rəhmanova, şəhərdə fəaliyyət göstərən diplomatik korpusun başçıları, diasporaların nümayəndələri, gənc tələbələr iştirak etmişlər.
Şəhər Müsəlman məscidində çoxsaylı həmvətənlərimizin bilavasitə iştirakı ilə Heydər Əliyevin və şəhidlərin ruhuna dualar oxunulmuş və ehsan verilmişdir.