Şarm əl-Şeyxdə keçirilən iqlim konfransında su ehtiyatlarının defisiti məsələsi müzakirə olunub
Bakı, 12 noyabr, AZƏRTAC
Misirin Şarm əl-Şeyx şəhərində keçirilən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransı davam edir. Bu gün konfrans çərçivəsində Uyğunlaşma və Kənd Təsərrüfatı günü keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dayanıqlı transformasiya üçün ərzaq və kənd təsərrüfatı təşəbbüsü çərçivəsində ərzaq təhlükəsizliyi və iqlim dəyişmələri, kənd təsərrüfatı və ərzaq sistemlərində innovativ alətlər mövzularına həsr olunmuş sessiyalar zamanı iqlimi nəzərə alan kənd təsərrüfatının dəstəklənməsi və risklərin aradan qaldırılması məsələləri müzakirə olunub.
Kənd təsərrüfatının su sektorundan asılılığını nəzərə alaraq paralel tədbirlərdə BMT-in Su Konvensiyasının baş katibinin iştirakı ilə panel müzakirələr təşkil edilib.
Kəsişən və bir-birindən asılı bu iki istiqamət iqlim dəyişmələrinə görə su ehtiyatlarının defisiti hiss olunan Azərbaycan üçün də aktualdır. Buna görə də uyğunlaşma tədbirlərində sinerjini təmin etmək vacibliyi yaranır.