Səbail rayonunda 40 məntəqə üzrə 49393 seçici qeydə alınıb
Bakı, 11 aprel, AZƏRTAC
Səbail rayonunda prezident seçkilərinə start veriləndən sonra bir sıra işlər görülüb, seçicilərin siyahısı tam dəqiqləşdirilib.
Bu barədə 29 saylı Səbail seçki dairəsinin seçki komissiyasının sədri Cahangir Məmmədov AZƏRTAC-a məlumat verib.
O bildirib: "Dairə seçki komissiyasında 30 daimi məntəqə fəaliyyət göstərir. Ümumilikdə, dairə üzrə 38 min 782 nəfər seçici qeydiyyatdan keçib. Seçkinin yüksək səviyyədə keçməsi üçün bütün təşkilati işlər görülüb, məntəqələr lazimi ləvazimat və invertarla tam təmin olunub. Məntəqə sədrləri, katib və üzvləri DSK-da təşkil edilən treninqlərə cəlb olunub, lazimi təlimatlar alıblar.
29 saylı Səbail DSK-nın məntəqələrində seçkiləri müşahidə etmək üçün prezidentliyə namizədlərin hər birinin, eləcə də bitərəflərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı, fərdi qaydada özləri tərəfindən müraciət etmiş şəxslər də müşahidəçi qismində iştirak edirlər. DSK üzrə 643 müşahidəçi qeydiyyatdan keçib. Həmçinin MSK-da da qeydiyyatdan keçən müşahidəçilər var.
Şəffaflığın artırılması üçün məntəqədə 12 veb-kameralar quraşdırılıb.
Eyni zamanda Səbail rayonunun mərkəzi hissəsində yaşayanların bir hissəsi 23 saylı Nəsimi-Səbail dairə seçki komissiyasının rayona aid 10 məntəqəsində səs verir. Bu məntəqələrdə qeydiyyatdan keçmiş seçicilərin sayı 10611 nəfərdir. Ümumilikdə isə Səbail rayonunda 40 məntəqə üzrə seçicilərin sayı 49393 nəfərdir".