Sədaqət Vəliyeva: Azərbaycan-Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub
Bakı, 23 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasındakı dostluq və həmrəylik münasibətlərinin dünyaya nümayişi olmaqla yanaşı, ikitərəfli əlaqələrin daha da inkişafı baxımından mühüm rol oynayacaq. Tarixi köklərə və qardaşlıq, dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti nəticəsində artan templə inkişaf etməkdədir. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələr üzrə saziş və sənədlərin imzalanması ölkələrimiz arasındakı münasibətlərin gələcək inkişafına mühüm töhfə vermiş oldu.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
O bildirib ki, səfər zamanı ən mühüm və tarixi hadisələrdən biri də Daşkənddə xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan meydanın açılış mərasiminin keçirilməsi oldu. Ulu öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. Məhz 1970-ci ildə Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri, iki ölkə arasındakı münasibətlərin bugünkü inkişafının əsası olub. Eyni zamanda, Daşkəndin mərkəzində xalqımızın böyük oğlu, dahi Heydər Əliyevin xatirəsinə meydanın yaradılması ümummilli liderimizə olan böyük hörmətin göstəricisidir: “Özbəkistanda geniş tərkibli görüş zamanı çıxış edən Prezident İlham Əliyev Azərbaycan xalqının ən çətin günlərində özbək xalqının dostluq dəstəyini hiss etdiyini diqqətə çatdıraraq, ölkələrimiz arasında iqtisadi əlaqələrin intensivləşdirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, Azərbaycan Prezidenti Füzulidə Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq məktəbin inşa ediləcəyini bildirib”.
“Səfər zamanı imzalanmış və mühüm əhəmiyyət kəsb edən sənədlərdən biri də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə oldu”, - deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək fəaliyyətinin yol xəritəsi olan bu Bəyannamə iki ölkə arasındakı münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasının göstəricisidir.
“Bu gün dünyada hökm sürən qeyri-sabit vəziyyətə baxmayaraq Azərbaycan dünya ölkələri ilə münasibətləri daha da inkişaf etdirir, beynəlxalq miqyaslı layihələr icra edir. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik uzaqgörən siyasətin nəticəsidir”, - deyə deputat qeyd edib.