Sədr müavini: Azərbaycanda qadınların iqtisadi fəallığı nəzərəçarpacaq dərəcədə artıb VİDEO
Bakı, 23 aprel, AZƏRTAC
Şəhər mühitinin formalaşmasında iştirakçılıq, inklüzivlik və balanslı yanaşma artıq konkret nəticə verən istiqamətlər kimi çıxış edir. Bu prosesdə qadınların rolu isə getdikcə daha aydın görünür. Azərbaycanda qadınların iqtisadi fəallığı son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Qadınlar kiçik biznes qurur, xidmət sahələrinə daxil olur, istehsal fəaliyyətinə başlayır və yeni bazarlara çıxış əldə edirlər. Bu dinamika məşğulluğa, yerli iqtisadi aktivliyə və ümumi biznes mühitinə müsbət təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev "Şəhərsalma və Memarlıq İli” çərçivəsində "Qadın iştirakçılığının təbliği" mövzusunda keçirilən konfransda deyib.
O, eyni zamanda, qadın sahibkarların qarşılaşdığı əsas çətinliklərdən də bəhs edib. Bildirib ki, biznes biliklərinin çatışmazlığı, maliyyə resurslarına çıxış imkanlarının məhdudluğu, satış və bazara çıxış məsələləri bu sahədə əsas çağırışlar olaraq qalır: "Bu səbəbdən yanaşma yalnız təşviqlə məhdudlaşmır, konkret dəstək mexanizmləri ilə müşayiət olunur. KOBİA bu sahədə sistemli fəaliyyət həyata keçirir. Qadın sahibkarların bilik və bacarıqlarının artırılması üçün təlim proqramları təşkil olunur. Həmçinin qrant mexanizmləri qadın sahibkarlığın inkişafında mühüm rol oynayır. Son illərdə təqdim edilmiş qrant layihələri çərçivəsində onlarla qadın sahibkar maliyyə dəstəyi əldə edib. Bazara çıxış məsələsi də xüsusi diqqət mərkəzində saxlanılır. Qadın sahibkarların məhsullarının tanıdılması məqsədilə onların sərgilərdə və yarmarkalarda iştirakına dəstək göstərilir. Son dövrlərdə təşkil olunmuş sərgi və yarmarkalara yüzlərlə sahibkarlıq subyekti qatılıb, onların əhəmiyyətli hissəsini qadın sahibkarlar təşkil edib".