SƏFİR AZƏRBAYCAN DİASPORUNUN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Hollandiyadakı Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Amsterdam şəhərindəki məşhur Heineken ailəsinə məxsus möhtəşəm “Hotel de L`Europe” mehmanxanasının konfrans zalinda Azərbaycanın bu ölkədəki səfiri Fuad İsgəndərov və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Avropa şöbəsinin rəhbəri İlham Məmmədov BAK idarə heyətinin üzvləri ilə görüşmüşdür.
Görüşdə BAK prezidenti Sahil Qasımov bu ölkəyə səfir təyin olunmuş Fuad İsgəndərovu idarə heyətinin üzvlərinə təqdim etmiş, rəhbərlik etdiyi təşkilatın doğma Vətənimizlə bağlı həqiqətləri hollandlara çatdırmaq sahəsindəki fəaliyyətindən, bu ölkəyə inteqrasiyasından, Azərbaycan diasporunun problemlərindən və gələcəkdə görüləcək işlərdən danışmışdır.
S.Qasımov Amsterdam şəhərində artıq fəaliyyətə başlamış Azərbaycan dilini tədris edən məktəb barədə qonaqlara məlumat vermişdir. Bu məktəbdə azərbaycanlı uşaqlarla yanaşı, Azərbaycan dilinə böyük həvəs göstərən başqa millətlərin, o cümlədən hollandiyalı uşaqların da təhsil almağa maraq göstərdiklərini xüsusi vurğulamışdır.
Görüşdə səfir F.İsgəndərov bu ölkədəki diaspor təşkilatlarının fəaliyyətini daim izlədiyini bildirmiş, ölkəmizi tanıtmaq sahəsində apardıqları səmərəli işi yüksək qiymətləndirmiş, Azərbaycan Respublikasının Niderland Krallığında ləyaqətlə təmsil olunduğunu qeyd etmişdir. Diplomat eyni zamanda diasporumuzun problemlərinin həllinə yardım göstəriləcəyini bildirmişdir.
Sonda F.İsgəndərov səfir kimi fəaliyyətə başladığı müddətdən bəri gördüyü işlər, keçirdiyi rəsmi görüşlər haqqında diaspor fəallarına dolğun məlumat vermişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Avropa şöbəsinin müdiri İlham Məmmədov komitənin sədri Nazim İbrahimovun salamlarını Benilüks Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvlərinə çatdırmış, BAK-ın Azərbaycan həqiqətlərinin Avropaya və dünyaya çatdırılmasında böyük rol oynadığını bildirmişdir. İ.Məmmədov eyni zamanda BAK və səfirlik arasında yaranmış sıx əlaqələrdən məmnunluğunu vurğulamış və bu münasibətlərin digər ölkələrdəki diaspor təşkilatlarına və diplomatik korpuslara nümunə ola biləcəyini diqqətə çatdırmışdır.
Sonda BAK prezidenti S.Qasımov belə görüşlərin səmərəsini və onların gələcək fəaliyyətlərinə əməli təsir göstərəcəyini qeyd etmiş və qonaqlara minnətdarlığını bildirmişdir.