SƏFİR HAFİZ PAŞAYEV ABŞ KONQRESİNİN ERMƏNİPƏRƏST ÜZVLƏRİNƏ FAKTLARLA CAVAB VERİR
Xatırladaq ki, ötən ay bu konqresmenlər məktub yayaraq, belə bir cəfəngiyat irəli sürmüşdülər ki, guya Azərbaycan hökuməti Naxçıvan MR-in Culfa şəhərindəki orta əsrlərə aid erməni qəbiristanlığındakı daşları (xaçkarları) qəsdən dağıtmaqdadır. Konqresmenlər bu ittihamlarında ermənilərin çəkdiyi videokadrlara istinad edirdilər.
Hafiz Paşayev ABŞ Konqresi üzvlərinin bu məlumatın mənbəyini yoxlamadıqlarından təəssüfləndiyini bildirmişdir. Səfir qeyd etmişdir ki, konqresmenlərin məktubuna əsas kimi götürülən videogörüntüdə bir sıra naməlum şəxslərin hansısa orta ölçülü daşları dağıtdığı göstərilir. Daşlarda nə gözəçarpan xaç işarələri, nə də onları dağıdanların müəyyən millətə məxsusluğu görünür. Belə videogörüntüyə əsasən, istənilən şəxsə qarşı istənilən ittiham sürülə bilər. Azərbaycanın Müdafiə Nazirliyi rəsmi olaraq bu ittihamları rədd etmişdir.
Diplomat xatırlatmışdır ki, Azərbaycan minilliklərdən bəri, erməni mənşəyi də daxil olmaqla, zəngin etnik və tarixi irsə söykənən cəmiyyətdir. Bu gün Azərbaycanda 30 min nəfərə yaxın erməni yaşayır. Ölkəmiz ərazisindəki minlərlə tarix, mədəniyyət və memarlıq abidəsinin qorunmasına böyük əhəmiyyət verir. Ermənistan isə, zəbt etdiyi Azərbaycan torpaqlarında tarix və mədəniyyət abidələrinin yerlə-yeksan edilməsini siyasətinin tərkib hissəsinə çeviribdir. İşğal edilmiş Azərbaycan torpaqlarında ermənilərin qanunsuz məskunlaşmasını araşdıran ATƏT-in missiyası da bunu təsdiqləmişdir. Səfir Paşayev bəyan etmişdir ki, birinci dəfə deyil ki, erməni tərəfi əsassız ittihamlar irəli sürərək, işğal etdiyi Azərbaycan ərazilərində həyata keçirdiyi qırğınlardan diqqəti yayındırmağa çalışır.
Azərbaycan diplomatı konqresmenlərə müraciətində bildirmişdir ki, tarixi və mədəni irsə aid abidələrin qorunub saxlanması barədə onların narahatlıqlarını bölüşür və ümid edir ki, ermənilərin dağıdıcı vəhşiliyi haqqında Amerika qanunvericilərinə təqdim etdiyi faktlar onlarda maraq doğuracaqdır. Belə faktlardan bəzilərini səfir Paşayev məktubunda sadalayır: Ermənilər Azərbaycana aid tarix və mədəniyyət abidələrini dağıtmaq istiqamətində apardıqları davamlı siyasəti nəticəsində İrəvan xanlığında 1587 məscid və 23 mədrəsəni, Zəngəzur və Eçmiədzin bölgələrində 830 məscid və 1394 mədrəsəni, Ermənistan ərazisində 500-dən artıq qəbiristanlığımızı tamamilə dağıtmış, yaxud anbara və zirzəmiyə çevirmişlər. Kəlbəcərin tarix muzeyi və onun bütün eksponatları, Şuşanın, Ağdamın tarix muzeyləri, Zəngilandakı daş abidələr muzeyi dağıdılmış, Şuşadakı XVIII əsrə aid ikiminarəli Gövhər Ağa məscidi zədələnmiş, işğal edilmiş ərazilərdəki digər məscidlər də dağıdılmış və yandırılmışdır. Erməni vəhşiliyi nəticəsində Xocalıda tunc dövrünə aid tarixi abidə yox edilmiş, zəbt edilmiş ərazilərdə qiymətli kitablar və əlyazmalar oğurlanmış, 969 kitabxana, 85 uşaq musiqi məktəbi, 4 teatr, 4 incəsənət qalereyası, 2 konsert salonu, 1852 mədəniyyət və incəsənət mərkəzi yerlə-yeksan olunmuşdur.
Səfir Hafiz Paşayev bu faktlara cavab olaraq konqresmenlərin münasibətini gözləyir.