SƏFİR KLAUS QREVLİX: TRASEKA PROQRAMI NƏHƏNG LAYİHƏYƏ ÇEVRİLMƏLİDİR
Səfir Klaus Qrevlix Azərbaycanın genişləndirilmiş Avropa ilə bağlı dialoqa dəvət edilməsini ötən müddət ərzindəki fəaliyyətlərinin ən mühüm nəticəsi kimi qiymətləndirmişdir. Onun sözlərinə görə, digər böyük nailiyyət Avropa Birliyi ilə Azərbaycan arasında enerji sahəsindəki dialoqa konkret məzmun verilməsi olmuşdur. Azərbaycan Avropa Birliyinin Enerji Xartiyasını imzalamışdır.
Mart ayında TRASEKA dövlətlərarası komissiyasının Bakıda fəaliyyət göstərən daimi katibliyinin gələcəkdə necə maliyyələşdirilməsi ilə bağlı suallar yarandığını bildirən Qrevlixin fikrincə, bu vəziyyət həmin layihənin nə qədər böyük əhəmiyyətə malik olduğunun Brüsseldə heç də hamıya aydın olmadığını göstərmişdir. Cənab Qrevlix fəal diplomatik təşəbbüslər nəticəsində məsələlərin yoluna qoyulduğunu söyləmişdir.
TRASEKA proqramının inkişaf etdirilərək Böyük İpək yolu kimi nəhəng bir layihəyə çevrilməsi üçün geniş potensial imkanlar olduğunu vurğulayan Klaus Qrevlix Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskar və tədbirli bir siyasətçi kimi bu perspektivləri gördüyünə əmin olduğunu bildirmişdir.