Səfir: Özbəkistan ilə Azərbaycan ümumi maraq və dəyərlər ətrafında sıx birləşib
Bakı, 26 avqust, AZƏRTAC
Özbəkistan və Azərbaycan prezidentləri tərəfindən iki ölkə arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi haqqında imzalanan sənəd çox mühüm əhəmiyyətə malikdir. Hər iki ölkə ümumi maraq və dəyərlər ətrafında sıx birləşərək, münasibətlərin daha da inkişafı yolunda addımlayır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Özbəkistan və Azərbaycan: Qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” mövzusunda avqustun 27-də keçirilən tədbirə onlayn qoşulan Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov səsləndirib.
Onun sözlərinə görə, hazırda hər iki ölkənin 11 şəhəri arasında qardaşlaşma haqqında sənəd imzalanıb. Ölkələrimizi birləşdirən daha bir dəyər milli iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində siyasət yürüdülməsidir. Özbəkistan və Azərbaycan əsasən maşınqayırma, əczaçılıq və digər sahələrdə uğurla əməkdaşlıq edir.
Orta Dəhlizin əhəmiyyətini qeyd edən səfir çoxtərəfli münasibətlərin inkişafı barədə fikirlərini bölüşüb: “Son illərdə əməkdaşlığın inkişafı üzrə iyirmi sahə müəyyənləşdirilib. Onların arasında, səhiyyə, əczaçılıq, ipəkçilik, texnoloji avadanlıqların istehsalı və digərlərini qeyd etmək olar. Eyni zamanda, tərəflər arasında Xankəndidə birgə müəssisənin yaradılması da qərarlaşdırılıb. Özbəkistan və Azərbaycan nəqliyyat dəhlizlərinin strukturu baxımından oxşar cəhətlərə malikdir”.