SİYASƏT
Səfir: Yaponiya COP29-un keçirilməsi ilə bağlı Azərbaycana dəstəyini əsirgəməyəcək
Bakı, 21 fevral, AZƏRTAC
Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlər 30 ildən artıqdır davam edir. Bu illər ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə dostluq və əməkdaşlıq münasibətləri qurulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe jurnalistlərə açıqlamasında deyib.
Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunduğunu xatırladan səfir əlavə edib: “Noyabr ayında Azərbaycanda COP29 tədbiri keçiriləcək. Dost ölkə kimi əməkdaşlıq çərçivəsində əlimizdən gələni etməyə hazırıq. Bunun üçün səylərimizi əsirgəməyəcəyik. Çünki yaşıl cəmiyyətin yaradılması təkcə Azərbaycan üçün deyil, eyni zamanda, bütün dünya üçün mühüm çağırışdır. Mən Azərbaycanın bu kimi problemlərin həllində, xüsusilə də enerji siyasəti kimi sahələrdə qabaqcıl rolunu səbirsizliklə gözləyirəm. Azərbaycanın bu səylərini müsbət qiymətləndirirəm”.
Katsuya Vatanabe bildirib ki, Yaponiya yeni cəmiyyətin qurulması üçün Azərbaycanla energetika sahəsində əməkdaşlıq edə bilər: “Ancaq bu barədə hökumətlə müzakirələr aparıb biz də son qərarımızı verəcəyik. İnanıram ki, Yaponiya öz təcrübəsindən, texnoloji bilik və bacarıqlarından istifadə edərək Azərbaycana bu sahədə dəstək ola və ya kömək göstərə bilər”.