Şəhid ailələri üçün Balakəndə özəl proqram
Balakən, 7 mart, AZƏRTAC
Balakən Rayon Mədəniyyət Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbirinin özəl qonaqları sırasında şəhid anaları və xanımları, övladları yer alıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmasından, onun siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yerinin və nüfuzunun daha da artmasından bəhs edib.
Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.
Şəhid anası Gülşən Kərimova və şəhid atası Şəmsəddin Tuhumov çıxış edərək qadınların cəmiyyət həyatında, milli-mənəvi dəyərlərin qorunmasında və sağlam ailə institutunun formalaşmasında mühüm rol oynadıqlarını qeyd ediblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbir Balakən Rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam etdirilib.
Müxbir- Rasim İslamoğlu