Şəhid ailələri və əlillərə verilən təqaüdlərin artırılması göstərilən qayğının əyani nümunəsidir
Bakı, 20 yanvar, AZƏRTAC
Şəhid ailələri və əlillərə dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərilib. Şəhid ailələri dövlət tərəfindən müavinət alır, onlar mənzil və avtomobillərlə təmin edilirlər. Dünyada sosial iqtisadi vəziyyətin çətin olduğu bir vaxtda şəhid ailələrinin və əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlətimizin başçısının bu günlərdə imzaladığı Fərmanlar göstərilən diqqət və qayğının əyani nümunəsidir. Bütün bunlara görə Prezident İlham Əliyevə şəhid ailələri adından dərin minnətdarlığımızı bildiririk.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 20 Yanvar meydanında şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarətə gələn “20 Yanvar” Fondunun sədri Şövqü Bünyadzadə deyib.
Fondun fəaliyyətindən söz açan Ş.Bünyadzadə bildirib ki, rəhbərlik etdiyi qurum 26 ildir fəaliyyət göstərir. Hazırda fondun 400-dən çox üzvü var. Fond 20 yanvar hadisələri zamanı şəhid olmuş insanların ailə üzvlərinin və əlillərinin problemlərinin həllinə və hüquqlarının qorunmasına dəstək olur. 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirir.
Şövqü Bünyadzadə deyib: “Ulu öndər Heydər Əliyev tərəfindən xalqımızın 1990-cı ilin 20 Yanvar faciəsinə əsl hüquqi qiymət verilməsi ilə yanaşı, “20 Yanvar şəhidi” fəxri adı təsis edilib və bu faciənin qurbanlarının sosial müdafiəsi xüsusi nəzarətə götürülüb. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım edilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar verilib. Bu faciənin qurbanlarının sosial müdafiəsi ilə bağlı dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir”.