Şəhid Zaur İsmayılzadənin xatirəsi anılıb
Bakı, 27 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə şəhid Zaur İsmayılzadənin anadan olmasının 30 illiyinə həsr olunmuş “Əbədiyyətə qovuşan ömür” adlı xatirə gecəsi keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı Zaur İsmayılzadənin şərəfli ömür yolundan, Vətən uğrunda göstərdiyi igidlikdən danışıb. O qeyd edib ki, bu cür qəhrəmanların adı xalqın yaddaşında əbədi yaşayır.
Şəhidin anası Sevil Hüseynova çıxışında övladının keçdiyi şərəfli döyüş yolunu, onun Vətənə olan sevgisini və fədakarlığını qürurla xatırladıb.
Daha sonra bəstəkar müğənni Ruslan Səfəroğlu tərəfindən şəhid Zaur İsmayılzadəyə ithaf edilən musiqi nömrəsi səsləndirilib.
Tədbirdə “Sazın, sözün butası” təşkilatının sədri, Gürcüstanın “Şərəf” ordenli şairi Səadət Buta, Xətai Rayon Ağsaqqallar Şurasının sədri və şəhid atası Mürvət Əsgərov, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid anası Ceyran ana, Əməkdar Mədəniyyət işçisi, müğənni, aşıq Solmaz Kosayeva, vətənpərvər ruhlu jurnalist, yazıçı, şəhid Zaur İsmayılzadəyə həsr olunmuş "Burğa tələsi" kitabının müəllifi Ötərxan Eltac, Birinci Qarabağ müharibəsinin qanlı tarixinin canlı şahidi, şair Aidə Şirinova və digər çıxışçılar Zaur İsmayılzadənin döyüş yolundan, gənclik üçün örnək olan mübarizə və vətənpərvərlik əzmkarlığından söz açıblar.
Tədbirdə rejissor Nail Naiblinin şəhid Zaur İsmayılzadə üçün hazırladığı xüsusi videoçarx nümayiş etdirilib. Videoçarxın ardınca “Əbədi tədbirlər birliyi”nin rəhbəri Polad Ağa İbrahimov tərəfindən hazırlanmış səhnə əsəri təqdim olunub. Tamaşa Zaurun həyatı, ailəsi, döyüş yolunu əks etdirib.
Müxtəlif musiqi nömrələri ilə çıxış edən bəstəkar-müğənni Arif Mehmandost, müğənnilər Yusif Sadıqov, İnci Şirvanlı, Tahirə Yusifzadə və Taleh Zəngilanlı şəhidin əziz xatirəsinə həsr olunmuş ifalar səsləndiriblər.