Şəhidin ad günü məzarı yanında qeyd olunub
Qobustan, 10 mart, AZƏRTAC
Azərbaycanın suverenliyi və ərazi bütövlü uğurunda 2016-cı il Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Qobustan rayonunun Yekəxana kənd sakini Orxan Ələsgər oğlu Müstəcəbovun doğum günü uyuduğu kənd qəbiristanlığında məzarı yanında anılıb. Anım mərasimində rayon icra hakimiyyətinin məsul işçiləri, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər. Yaşasaydı, Orxanın 28 yaşı olacaqdı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə şəhidin boya-başa çatdığı ata evinə gəlib, ailə üzvləri ilə görüşüb, başsağlığı verərək qayğıları ilə maraqlanıblar. Sonra kənd qəbiristanlığındakı məzarını ziyarət edib, üzərinə çiçəklər düzüblər.
Rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Dəmirov şəhid Orxan Müstəcəbovun keçdiyi qısa və şərəfli ömür yolundan danışıb. Qeyd edib ki, Orxan 1993-cü ilin martında anadan olub, orta məktəbi bitirdikdən sonra 2011-ci ildə hərbi xidmətə gedib. Nümunəvi xidmətinə və döyüş bacarığına görə xüsusi təyinatlı qüvvələrə seçilib, xidmətini kiçik gizir kimi davam etdirib. 2016-cı ilin aprelində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən ordumuzun başladığı əks-hücum əməliyyatında xüsusi təyinatlı qüvvələrin tərkibində qəhrəmancasına vuruşub və Tərtər rayonunun Talış kəndi istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif olunub.
Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən də danışılıb, Orxan və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib.
Şəhid Orxanın anası Şəhla Müstəcəbova övladı ilə fəxr etdiyini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.