Şəhidlik və şərəf tariximizin 20 Yanvar zirvəsi
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan “Şəhidlik və şərəf tariximizin 20 Yanvar zirvəsi” mövzusunda anma mərasimi keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ATMU-nun rektoru, professor Cəfər Cəfərov 20 Yanvar faciəsi barədə danışıb. Vurğulanıb ki, ötən əsrin 80-ci illərinin sonunda Ermənistandakı tarixi ata-baba yurdlarından 250 min soydaşımızın deportasiyasına və Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, keçmiş SSRİ rəhbərliyinin ədalətsiz, qərəzli mövqeyinə, hadisələrin təhlükəli istiqamətdə inkişafına etiraz olaraq Azərbaycan xalqı ayağa qalxmışdı. Milli azadlıq hərəkatını boğmaq, xalqın inam və iradəsini qırmaq məqsədilə imperiya rəhbərliyi yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridib, əliyalın əhaliyə divan tutulub. Hadisələr nəticəsində 147 nəfər qətlə yetirilib, 700-dən artıq insan yaralanıb.
ATMU-nun dosentləri Məhərrəm Zülfüqarlı və Nəsrulla Nəsirli 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb, faciəyə hüquqi-siyasi qiymətin verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıblar.