SƏHMDAR CƏMİYYƏTLƏRİNİN FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİ VƏ ÖZƏLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜR
Həyata keçirilən tədbirlər nəticəsində 2006-ci ilin ötən dövründə yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin satışı ilə əlaqədar 40-a yaxın hərrac keçirilmişdir. Bu hərraclarda 120-ə yaxın səhmdar cəmiyyətinin səhmləri satılmışdır. Həmin müddətdə səhmdar cəmiyyətlərinin səhmlərinin satışından əldə olunmuş 4 milyon AZN-dən çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir. Eyni zamanda, özəlləşdirilən müəssisələrdə əmək kollektivlərinin hüquq və mənafelərinin qorunması, əhalinin özəlləşdirmədə daha fəal və bərabərhüquqlu iştirakının təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə hərraca çıxarılan müəssisələr haqqında zəruri məlumatlar əvvəlcədən kütləvi informasiya vasitələrində, eləcə də komitənin və İxtisaslaşdırılmış Hərracların Təşkili üzrə Auksion Mərkəzinin internet saytında yerləşdirilir. Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin özəlləşdirmə planları ilə də Auksion Mərkəzində tanış olmaq mümkündür. Vətəndaşlar hərraca çıxarılan müəssisələr haqqında zəruri məlumatlarla Auksion Mərkəzində quraşdırılmış elektron informasiya tablosu vasitəsilə operativ və rahat tanış ola bilərlər. Burada müəssisənin adı, fəaliyyət istiqaməti, nizamnamə kapitalı, hərraca çıxarılan səhmlər və digər zəruri məlumatlar yerləşdirilmişdir. Həmçinin Auksion Mərkəzində hərrac iştirakçılarının rahatlığı üçün müvafiq məlumat stendləri də quraşdırılmışdır.
Komitə tərəfindən nizamnamə kapitalında dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərinin fəaliyyətinin tənzimlənməsi və dövlət paylarının səmərəli idarə olunması sahəsində də zəruri tədbirlər həyata keçirilir. Belə ki, nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətləri tərəfindən təqdim olunan balans hesabatları və əmlakın inventarlaşdırılma aktları təhlil edilir, hesabatlarda əmlakın vəziyyəti barədə kənarlaşmalar aşkar edildikdə qanunvericiliyə uyğun tədbirlər görülür. Bu məqsədlə cari ilin ötən dövründə belə səhmdar cəmiyyətləri tərəfindən təqdim edilmiş 600-dən çox maliyyə hesabatı və inventarlaşdırma aktları araşdırılmışdır.
Həmçinin dövlət paylarına görə dividendlərin həcminin artırılması, səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərə görə idarəetmənin həyata keçirilməsi, idarəetmə və nəzarət orqanlarında dövlətin nümayəndələrinin iştirakının təmin olunması, səhmdarların ümumi yığıncaqlarının vaxtında keçirilməsi diqqət mərkəzindədir. Birinci ümumi yığıncağı keçirilməmiş səhmdar cəmiyyətlərində ümumi yığıncağın keçirilməsi istiqamətində təşkilati-hazırlıq işləri görülür, metodiki və praktiki kömək göstərilir. Bunun nəticəsi olaraq, ötən səkkiz ayda 55 səhmdar cəmiyyətinin səhmdarlarının birinci ümumi yığıncağı keçirilmişdir.
Nizamnamə kapitalında dövlətə məxsus səhmlərə hesablanmış dividendlərin dövlət büdcəsinə ödənilməsi ilə bağlı zəruri işlər davam etdirilmişdir. Bunun sayəsində 120-ə yaxın səhmdar cəmiyyəti tərəfindən nizamnamə kapitalında dövlətə məxsus səhmlərə görə dividend dövlət büdcəsinə ödənilmişdir.
Səhmləri bütövlükdə və yaxud onların bir hissəsi dövlətə məxsus səhmdar cəmiyyətlərində dövlət əmlakının qorunub saxlanılması, ondan səmərəli istifadə olunması vəziyyətinin araşdırılması, səhmdar cəmiyyətlərinin istehsal fəaliyyətlərinin öyrənilməsi, eləcə də özəlləşdirmə imkanlarının təhlil edilməsi məqsədi ilə səhmdar cəmiyyətlərində monitorinqlər aparılır.