Şəki Heydər Əliyev Mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Şəki, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Tariximizin ən qanlı səhifələrindən olan Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Şəki Heydər Əliyev Mərkəzində silsilə tədbirlər davam edir.
Qurumdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Mərkəzin və Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli filialının birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” adlı tədbir təşkil olunub. Tədbirdə Mərkəzin və kitabxananın əməkdaşları, Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Mərkəzin bələdçisi Gülnar Cavadova əvvəlcə qonaqlara xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin və mənalı ömür yolu, ölkəmizin tərəqqisi naminə göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən fotoşəkillər, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlər haqqında məlumat verib, dahi rəhbərin Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü əvəzsiz işlərdən söz açıb.
Sonra tədbir iştirakçıları mərkəzdə təşkil olunmuş erməni vəhşiliyini və Xocalıda törədilmiş soyqırımı əks etdirən “Xocalı həqiqətləri” adlı foto və kitab sərgisi ilə tanış olublar.
Tədbirin əvvəlində 44 günlük Vətən müharibəsində və Xocalı faciəsi zamanı şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki MKS-nin 9 nömrəli kitabxana filialının müdiri Rüfanə Həsənova ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin dəhşətli nəticələri, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayan filial müdiri hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.
Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi Ələddin Əhmədov çıxışında Xocalı qətliamının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə Xocalı məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər ifa ediblər.
Sonda Xocalı həqiqətlərini əks etdirən film nümayiş olunub.