Şəki REM: 2024-cü il üçün nəzərdə tutulan 5 kitab artıq çapa hazırdır
Bakı, 24 oktyabr, AZƏRTAC
AMEA Şəki Regional Elmi Mərkəzinin (REM) Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a REM-dən bildirilib. Tədbirdə Şəki REM-in direktoru Yusif Şükürlü gündəlikdəki ilk məsələ - 2024-cü ildə nəşr edilməsi nəzərdə tutulan kitablar haqqında məlumat verib. Qeyd edib ki, Şəki REM-də 2024-cü il üçün nəzərdə tutulan 5 kitab artıq çapa hazırdır və tezliklə nəşr olunacaq.
Gündəlikdəki ikinci məsələ AMEA və TUBİTAK-ın birgə təşkil etdiyi müsabiqədə Şəki REM-in iştirakı ilə bağlı olub. Elmi katib Vəfa Atayeva mərkəzin əməkdaşlarını müsabiqə şərtləri ilə tanış edib və müsabiqədə iştirak etmək istəyənlərə layihələrin tədqim edilməsi üçün son tarixi açıqlayıb.
İclasda növbəti məsələ - AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli 1/1, 1/2, 1/3 nömrəli qərarlarında nəzərdə tutulan tədbirlər planının icrasına dair olub. Bildirilib ki, "Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi", "Yaşıl dünya naminə həmrəylik ili", Naxçıvan Muxtar Respublikasının 100 illiyi, eləcə də görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı mərkəzdə müxtəlif tədbir reallaşdırılıb, ilin sonunadək isə daha bir neçə tədbirin həyata keçirilməsi planlaşdırılır.
Bundan başqa, tədbirdə şöbələr üzrə illik hesabatların dinlənilməsi qrafiki təsdiqlənib.