Şəki teatrında “Gəlinlər” tamaşasına ictimai baxış
Şəki, 7 mart, AZƏRTAC
Şəki Dövlət Dram Teatrında yazıçı, ssenarist və dramaturq Mirzəağa Atəşin “Gəlinlər” komediyası əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın Repertuar və dramaturgiya üzrə mütəxəssisi Lalə Məmmədova məlumat verib.
Tamaşa 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi və Şəki Dövlət Dram Teatrının birgə layihəsi olaraq təqdim edilib.
Qayınana-gəlin problemindən bəhs edilən səhnə əsərində üç gəlini tərəfindən qəbul edilməyən Şərəf xanım bir fənd işlədir və gəlinlərin hamısının ona münasibəti dəyişir.
Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, bəstəkarı Xatirə Orucova, xoreoqrafı Elvin Nuridir.
Səhnə əsərində rolları Lalə Məmməd (Şərəf), Nərmin Abbasova (Xavər), Fərahim Fətəliyev (Fikrət), Sənubər İsrafilova (Əsmər), İlkin Rüstəmov (Nahid), Arzu Mustafayeva (Dilbər) və Rəsul Məmmədrəhimov (Akif) ifa ediblər.
Tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.