ŞƏKİ VƏ ZAQATALADA MİLLİ MƏTBUAT GÜNÜ GENİŞ QEYD OLUNDU
Zaqatala Rayon İcra Hakimiyyətində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə mətbuat işçilərini əlamətdar gün münasibətilə səmimi təbrik edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov milli mətbuatımızın keçdiyi şərəfli yola bir daha geniş nəzər salmış, ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin edilməsinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini xüsusi qeyd etmiş, milli mətbuatımızın qazandığı nailiyyətlər barədə geniş söz açmışdır.
Görüşdə Milli Məclisin deputatı Hikmət Atayev, rayonda nəşr olunan “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov, KİV nümayəndələri çıxış edərək, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşə hazırlığının yüksəldilməsi və həlli vacib olan digər məsələlər barədə danışmış, görüşün təşkilinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirmişlər.
Tədbirin sonunda qabaqcıl mətbuat işçilərinə rayon icra hakimiyyətinin hədiyyələri, “Zaqatala” qəzeti redaksiyasına isə müasir kompyuter dəsti təqdim edilmişdir.
X X X
Mətbuat günü münasibətilə iyulun 21-də Şəki Şəhər İcra Hakimiyyətində media nümayəndələri ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov Şəkidə fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrini əlamətdar gün münasibətilə təbrik etmiş, onlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzulamışdır.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək təməli 131 il bundan əvvəl - 1875 ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımızın zəngin ənənələri barədə danışmış, Azərbaycanda söz və mətbuat azadlığının bərqərar olmasında, mətbuatın inkişafında ümummilli liderimiz, jurnalistlərin yaxın dostu olmuş Heydər Əliyevin böyük xidmətlərini xüsusi qeyd etmişdir.
Milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə bir qrup qabaqcıl KİV nümayəndəsi Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.