Şəki-Zaqatala bölgəsinin təhsil müəssisələrində dezinfeksiya işləri aparılır
Şəki, 4 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində dezinfeksiya işləri aparılır. Məqsəd infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı yoluxma hallarının qarşısının alınmasıdır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Qurumun əməkdaşı bildirib ki, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib. Onun sözlərinə görə, regional idarənin əhatə etdiyi 1 şəhər və 5 rayonun ümumi və məktəbəqədər təhsil müəssisələri təyin olunmuş qrafikə uyğun olaraq dezinfeksiya olunur. Dezinfeksiya işləri ümumi təhsil müəssisələrinin tədris otaqları, dəhliz, idman zalları və sanitar qovşaqlarında aparılır.