AZƏRTAC-ın müxbiri xəbər verir ki, Xocalı soyqırımının on dördüncü ildönümünün keçirilməsi ilə bağlı Şəki Şəhər İcra Hakimiyyəti geniş tədbirlər planı hazırlamışdır. Tədbirlər planına uyğun olaraq, hazırda rayonun idarə və müəssisələrində, əmək kollektivlərində, kənd və qəsəbələrdə Xocalı soyqırımına və xalqımızın milli-azadlıq mübarizəsinə həsr olunmuş tədbirlərin keçirilməsi, sərgilərin təşkili, kinoteatrlarda sənədli və bədii filmlərin nümayişi davam etdirilir.
Fevralın 26-da Şəki şəhərində Xocalıdan olan məcburi köçkünlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon anma mərasimi keçiriləcək, rayonda məskunlaşmış 86 xocalılı məcburi köçkün ailəsinə yardımlar göstəriləcək, məscidlərdə şəhidlərin ruhuna dualar oxunacaqdır. Həmin gün saat 17.00-da rayon ərazisində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.