REGİONLAR
Şəkidə Beynəlxalq Simpoziumda oftalmologiya sahəsindəki tədqiqatlar müzakirə olunub
Şəki, 27 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Oktyabrın 25-26-da Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin birgə təşəbbüsü ilə Şəkidə "AOC və TCOD” II Beynəlxalq Oftalmoloji Simpozium keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, simpoziumun məqsədi oftalmologiya sahəsindəki son yenilikləri və nailiyyətləri müzakirə etmək, beynəlxalq təcrübələri öyrənmək, təkliflər irəli sürmək və regionun eləcə də xarici ölkələrin oftalmoloqlarının bu yeniliklərdə iştirakını təmin etmək idi. Həmçinin oftalmologiyanın beynəlxalq standartlara uyğunlaşdırılması simpoziumun əsas mövzuları sırasında yer alıb.
Simpoziumda Azərbaycanın tanınmış alimləri, Bakı və regionlardan gələn həkim heyəti ilə yanaşı, qardaş Türkiyədən, eləcə də Rusiya, Qazaxıstan, Tacikistan və Özbəkistandan oftalmoloqlar da iştirak ediblər.
Simpoziumun açılışında Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin fəxri sədri Sunay Duman və TCOD-un icraçı direktor Öner Gelişken çıxış edərək tədbirin məqsədi və əhəmiyyəti barədə danışıblar. Onlar Azərbaycan Oftalmoloqlar Cəmiyyəti ilə Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi arasında olan əlaqələrin oftalmologiya sahəsində tibb elminin inkişafına və təcrübə mübadiləsinə böyük töhfə verdiyini vurğulayıblar. Həmçinin bu əlaqələrin iki qardaş xalq arasında dostluq və əməkdaşlığı gücləndirdiyini xüsusi qeyd ediblər.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru Hicran Namazova bildirib ki, belə beynəlxalq simpoziumlar Azərbaycan oftalmologiyasının inkişafına və ölkələrarası elmi əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə verir.
AOC-un sədr müavini, tibb elmləri doktoru Yazgül Abdıyeva isə çıxışında Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin fəaliyyəti, ölkədə oftalmoloji yardımın keyfiyyətinin yüksəldilməsi və optimallaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. Görmə qabiliyyəti məhdud olan şəxslərin sayının azaldılması və korluğun qarşısının alınması üçün mühüm addımlar atıldığını qeyd edən Y.Abdıyeva, xüsusilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının fəaliyyəti haqqında geniş məlumat verib. Səyyar klinikanın işğaldan azad olunmuş Laçın, Zəngilan və Füzuli kimi bölgələrdə aksiyalarının uğurla həyata keçirildiyini, bu təşəbbüslərin davamlı olacağını və yaxın gələcəkdə Xankəndi və Şuşada da təşkil ediləcəyini diqqətə çatdırıb.
Simpoziumda “Qlaukoma zamanı minimal invaziv əməliyyatlar”, “Sadədən mürəkkəbə keratoplastiyalar”, “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının 5 illik fəaliyyətinin təhlili”, “Üzdəki epilyasiyadan sonra lazerin səbəb olduğu ağır makula atrofiyası”, “Buynuz qişa perforasiyasının idarə edilməsi” və “Uşaqlarda travmatik kataraktanın cərrahi müalicəsi” kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.