ŞƏKİDƏ DÖVLƏT PROQRAMININ İCRASI İLƏ BAĞLI ZONA SEMİNAR-MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın verdiyi xəbərə görə, respublika Aqrar Elmi Mərkəzinin baş direktoru Əsəd Musayev Dövlət Proqramının mühüm əhəmiyyətindən danışmış, həyata keçirilməsi nəzərdə tutulmuş məsələlərin icra mexanizminin müəyyənləşdirilməsi üçün hər bir rayon üzrə müvafiq təkliflərin hazırlanmasının vacibliyini qeyd etmişdir. Regionlardan verilmiş bu təkliflər nazirliyin mütəxəssisləri tərəfindən yenidən təhlil olunacaq və icra mexanizmi, maliyyə mənbələri müəyyənləşdiriləcəkdir.
İşgüzar şəraitdə keçən seminarda bu region üçün mənəvi sahələrdən sayılan tütünçülüyün və baramaçılığın yenidən dirçəldilməsi, taxılçılığın daha da inkişaf etdirilməsi, məhsuldar və keyfiyyətli toxum bazasının yaradılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, aqroservis, damazlıq işi və baytarlıq xidmətinin təşkili, fermerlərə uzunmüddətli kreditlərin verilməsi, emal müəssisələrinin yaradılması və digər məsələlər ətrafında geniş müzakirələr aparılmış, müvafiq təkliflər verilmişdir.