REGİONLAR
Şəkidə min hektardan çox sahədə təkrar qarğıdalı əkini proqnozlaşdırılır
Şəki, 1 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Taxıl biçini başa çatdıqdan sonra Şəki rayonunun təsərrüfatlarında min hektardan çox sahədə təkrar qarğıdalı əkininin aparılması nəzərdə tutulur. Artıq bu istiqamətdə işlərə də başlanılıb. Qısa müddətdə rayonun Çeşməli, Öryət, Baş Göynük və Aşağı Göynük kəndlərinin ərazilərində 763 hektar sahədə silos üçün təkrar qarğıdalı əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsait ödəniləcək.
Qeyd edək ki, təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edir ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır. Ölkəmizdə taxıl biçinindən sonra aran və dağətəyi bölgələrdə yerləşən 100 min hektaradək ərazidə təkrar əkinlər aparıla bilər. Ölkə üzrə təkrar əkin sahələrinin hər hektarından 350-400 sentner yaşıl kütlə və ya 40-50 sentner dən məhsulu əldə etmək mümkündür.