Şəkidə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş bilik yarışması keçirilib
Şəki, 21 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Mərkəzi Kitabxanasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Sirlər xəzinəsi” adlı bilik yarışması keçirilib.
Kitabxanadan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bilik yarışında hər birinin tərkibi 5 nəfərdən ibarət 3 komanda mübarizə aparıb. Komandalar şairin yaradıcılığına uyğun şəkildə “İsgəndər”, “Sevgili canan” və “Xəmsə” adları ilə yarışa qoşulublar.
Yarışın sualları Mərkəzi Kitabxananın fəal oxucusu, Şəki İntellektual komandasının üzvü Pakizə Fətəlizadə tərəfindən hazırlanaraq iştirakçılara təqdim olunub.
İki mərhələdən ibarət olan və 24 sualın cavablandırılması ilə başa çatan yarışmanın yekun nəticələrinə əsasən, “Sevgili canan” komandası birinci, “ASAN könüllüləri”nin “İsgəndər” komandası ikinci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının “Xəmsə” komandası isə üçüncü yerə layiq görülüblər.