ŞƏKİDƏ “RABİTƏBANK”IN YENİ FİLİALI AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, açılış mərasimində çıxış edən Zakir Nuriyev respublikamızda yeni keyfiyyətli bank xidmətlərinin təşkilində, kiçik və orta sahibkarlığın inkişafı məqsədi ilə kreditlərin verilməsində “Rabitəbank”ın imkanlarından, əldə edilmiş nailiyyətlərdən danışmış, bankın sayca doqquzuncu olan Şəki filialına gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Şəhər icra hakimiyyətinin başçısı Əşrəf Məmmədov filialın əlamətdar tarixi gün - Respublika günü ərəfəsində açılmasını şəkililər üçün bayram hədiyyəsi kimi dəyərləndirmişdir. Son illər rayonun sosial-iqtisadi həyatında baş verən mühüm dəyişikliklərə toxunan icra başçısı regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsində, iş adamlarının və sahibkarların maliyyə ehtiyaclarının daha dolğun ödənilməsində yeni filialın müvəkkil bank kimi Şəki-Zaqatala iqtisadi rayonunun əhalisi üçün əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirmişdir.
Yeni filialın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları bankda müştərilər üçün yaradılmış şəraitlə yaxından tanış olmuşlar.