Şəkidə Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub
Şəki, 16 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə fəaliyyət göstərən Uşaq İncəsənət və Musiqi məktəblərinin rəhbər şəxsləri və müəllimləri torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrini, eləcə də döyüşlər zamanı yaralanan qaziləri mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olurlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin rəhbərliyi və bir qrup müəllimi erməni faşizmi üzərində şanlı zəfərlə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan həmyerliləri Xəyal Məmmədovun, Elçin Nadirovun, Vasif Həmidovun, həmçinin döyüşlərdə ağır yaralanan Asif Məmmədovun ailələrinə baş çəkib, onların qayğıları ilə maraqlanıb, ailələrə maddi və mənəvi dəstək olublar.
Şəhidlərin valideynləri və ailə üzvləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.