QAN YADDAŞI
Şəkililər soyqırımı qurbanlarının xatirəsini anmış, erməni millətçilərini lənətləmişlər
Şəki, 31 mart (AZƏRTAC). Azərbaycan Müəllimlər İnstitutu Şəki filialında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir.
Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova bildirmişdir ki, son iki əsrdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Millətçi siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində “böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Bu ideyanı həyata keçirmək üçün erməni cinayətkarları ən iyrənc üsullara əl atmış, bəşəriyyət tarixində bənzəri olmayan qırğınlar törətmişlər. Erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini önə çəkən natiq soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndərin “Azərbaycanlıların soyqırımı” haqqında 1998-ci il 26 mart tarixli Fərmanının mühüm tarixi əhəmiyyət daşıdığını bildirmişdir.
Tədbirdə şəhər icra hakimiyyəti aparatının şöbə müdiri Rəfail Mənəfovun “Ermənilərin Azərbaycanda həyata keçirdiyi soyqırımı hadisələri” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı ilə bağlı həqiqətləri tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırmış, bu qanlı cinayətlərin yüz illər boyu planlı şəkildə davam etdirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirməyə başlayan erməni daşnakları 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törətmiş, on minlərlə soydaşımızı qətlə yetirmişlər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti 1948-53 və 1988-94-cü illərdə də davam etdirilmiş, təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilmiş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından qovulmuşlar.
Toplantıda çıxış edən natiqlər xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin tarixi kökləri barədə danışmış, soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması istiqamətində Prezident İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər.