ELM VƏ TƏHSİL
Səməd Seyidov: Prezidentin Forumdakı çıxışı proqram xarakteri daşıyır
Bakı, 9 mart, AZƏRTAC
Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq siyasət, ölkələrarası münasibətlərin müsbət istiqamətdə inkişafı üçün vacib olduğunu bir daha sübut edir. Prezident çıxışının əvvəlində Davos İqtisadi Forumunda, Münxen Təhlükəsizlik Konfransında iştirak etdiyini xatırladı, Nizami Beynəlxalq Mərkəzinin təşəbbüslərindən danışdı, Bakı Qlobal Forumunun aparıcı beynəlxalq forumlardan birinə çevrildiyini söylədi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səməd Seyidov deyib. Onun sözlərinə görə, X Qlobal Bakı Forumu dünyanın ən aparıcı iqtisadi forumu olan Davos Forumu, siyasi və təhlükəsizlik nöqteyi-nəzərdən mühüm forum olan Münxen Təhlükəsizlik Konfransı ilə eyni səviyyədədir. Deputat forumda Prezidentin səsləndirdiyi fikirlərə diqqət çəkərək deyib: “Prezident Forumda ölkəmizin sülh istiqamətində atdığı addımları vurğuladı. Bildirdi ki, Azərbaycan xalqı bu qədər əziyyət çəkdikdən sonra qisas almağa haqqı çatmasına baxmayaraq bu tarixin səhifəsini çevirmək istəyir. Ölkəmiz sülh istiqamətində addımlar atmaqla yanaşı, konkret təkliflər verir. Biz Ermənistandan bu təkliflərə cavab gözləyirik. Qeyd etdi ki, hazırda Qarabağda yaşayan ermənilər işğal dövründəkindən daha da yaxşı yaşayacaq. Bu, çox mühüm mesajdır. Forumda 160 ölkənin nümayəndəsi var. Onlar arasında 50 nəfər hazırda öz ölkəsində hakimiyyəti idarə edən insanlardır. 60-ı isə bu idarəetmə proseslərində vaxtilə birbaşa iştirak edib. Onların qarşısında bu fikirləri səsləndirmək dünyaya mesaj verməkdir. Bu mesajla bildirilir ki, ölkəmizdə yaşayan ermənilər Azərbaycanın təklifini qəbul edərsə, Azərbaycanın bu gün öz vətəndaşlarına göstərdiyi şəraitdə yaşaya bilərlər.
Prezident Azərbaycan iqtisadiyyatı, Azərbaycan-Avropa əlaqələri haqqında çox mühüm mesajlar verdi. Dövlətimizin başçısı Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın Avropa Komissiyası Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair imzaladığı Sazişi xatırlatdı. Bu Sazişin Avropa İttifaqı tərəfindən dəstəklənməsini xüsusi vurğuladı. Bu nöqteyi-nəzərdən Prezidentin Forumdakı çıxışı proqram xarakteri daşıyır. Bu çıxış Azərbaycanın son illər gördüyü işlərə, gələcəkdə hansı istiqamətdə inkişaf edəcək məsələlərə birbaşa dəlalət edir. Hesab edirəm ki, Forumda səslənən fikirlər dünyada böyük bir əks-səda yaradacaq. Dövlətimizin başçısının nitqi Azərbaycanın onsuz da yüksək səviyyədə olan beynəlxalq səviyyədə nüfuzuna çox müsbət təsir göstərəcək”.