Şəmkirdə tibbi maskadan istifadə etməyən sürücülər cərimələnib
Bakı, 29 iyun, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsi Dövlət Yol Polisinin əməkdaşları sosial izolyasiya qaydalarına riayət olunmasına nəzarət tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yol polisi əməkdaşları sərnişindaşıma ilə məşğul olan avtobus, taksi və digər nəqliyyat vasitələrində sürücü və sərnişinlərlə maarifləndirici söhbətlər aparıb, onları karantin-sanitar rejimi qaydalarına riayət etməyə çağırıblar.
Tibbi maskadan istifadə etmədən sərnişin daşıyan bəzi sürücülərin yalnız yol polislərini gördükdən sonra maska taxmağa çalışdıqları müşahidə olunub. Yoxlamalar zamanı qaydalara əməl etməyən ictimai nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati protokollar tərtib olunub.
Vətəndaşlarla söhbətlər zamanı tibbi maskadan istifadənin zəruriliyi, əks halda, barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb. Polis əməkdaşları ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişinlərə tibbi maskalar paylayıblar.
Baş inspektor Nurtac Bayramov Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi əməkdaşlarının pandemiya dövründə gücləndirilmiş iş rejimində xidmət apardıqlarını vurğulayaraq deyib: “Əsas məqsədimiz tələb olunan qaydalara əməl etməyən sürücülərin aşkarlanmasıdır. Belə sürücülər barəsində inzibati xətalar məcəlləsinə uyğun olaraq protokollar tərtib edilir, eləcə də onlar arasında maarifləndirmə işi aparılır. Sevindirici hal ondan ibarətdir ki, hazırda Şəmkir rayonu ərazisində xüsusi rejim qaydalarına demək olar ki, əməl edilir. Bütün vətəndaşlardan xahişimiz odur ki, qaydalara əməl etsinlər, öz sağlamlıqlarını təhlükəyə atmasınlar”.
Yol polisi əməkdaşları taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə də profilaktiki söhbətlər aparıblar. Xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən və nəqliyyat vasitəsində şəffaf arakəsmə quraşdırmayan taksi sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.