Sənayedə quraşdırma işləri üzrə usta ixtisasına dair kurikulum yenilənir
Bakı, 16 noyabr, AZƏRTAC
Peşə məktəbləri və işəgötürənlərlə texniki peşə təhsili səviyyəsi üzrə sənayedə quraşdırma işləri üzrə usta ixtisasına dair kurikulumun müzakirəsi üçün dəyirmi masa təşkil edilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, dəyirmi masanın keçirilməsində əsas məqsəd müvafiq sahə üzrə sənayedə mühüm rol oynayan özəl sektor əməkdaşları, ekspertlər və peşə məktəblərinin müəllimləri ilə mövcud təhsil proqramlarının müzakirəsi və bu proqramlar üzrə rəylərin alınması, həmçinin ixtisasın əmək bazarının tələblərinə tam uyğunlaşdırılması və yenilənməsi üçün təkliflərin öyrənilməsidir.
Tədbir zamanı layihə və texniki peşə təhsili haqqında məlumat verilib, təhsil proqramının strukturu, peşə standartı, kvalifikasiya standartı ilə bağlı təlimat iştirakçılara təqdim edilərək müvafiq ixtisas üzrə kurikulum təqdim olunub və səriştə əsaslı təlim keçirilib. Həmçinin müxtəlif qrup işləri vasitəsilə işəgötürənlərin rəy və təklifləri müzakirə olunub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin “Peşə təhsilinin məzmunun təkmilləşdirilməsi” layihəsi çərçivəsində müvafiq ixtisaslar üzrə kurikulumların hazırlanması nəzərdə tutulur. Müvafiq yanaşma layihə çərçivəsində digər ixtisaslar üzrə də davam edəcək.