Serbiyada Xocalı soyqırımının iyirmi birinci ildönümü qeyd edilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın Serbiyadakı səfirliyində Xocalı soyqırımının iyirmi birinci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan tələbələrimiz, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Səfirliyin müşaviri Qabil Köçərli erməni millətçilərinin vaxtaşırı dövlətimizə və xalqımıza qarşı ərazi iddiaları irəli sürərək həyata keçirdikləri cinayətlərindən danışmış, ermənilərin 1918-ci ildə Bakıda, Salyanda, Lənkəranda, Xaçmazda, Qubada, Şamaxıda və digər bölgələrdə törətdikləri qırğınlar, 1988-ci ildə Ermənistanda yaşayan soydaşlarımızın zorla ata-baba yurdlarından didərgin salınması, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonumuzun işğalı, Xocalı soyqırımı barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, bu cinayətlər, eləcə də xalqımıza qarşı etnik təmizləmə siyasəti artıq Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Xocalı faciəsi Azərbaycan tarixində ən qanlı hadisələrdən biridir. Erməni silahlı dəstələri tərəfindən dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilmiş və əsir götürülən insanlar isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalmışlar.
Tədbirdə, həmçinin 2013-cü il fevralın 25-də Serbiya Parlamentinin Konstitusiya və Hüquq məsələləri üzrə Komitəsinin sədri, Azərbaycan ilə Parlament dostluq qrupunun rəhbəri Vladimir Tsvianın təklif etdiyi və bu ölkənin parlamentinin gündəliyinə daxil edilmiş “Beynəlxalq hüquqa riayət olunması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Qətnamə” layihəsi barədə məlumat verilmiş, onun mətninin Serbiya parlamentinin saytında yerləşdirildiyi bildirilmişdir. Qeyd edilmişdir ki, bu təşəbbüs Azərbaycan və Serbiya arasında təşəkkül tapmış dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir.
Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilmişdir.
Tədbir iştirakçıları Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Xocalı əhalisinin dünya xalqlarına, BMT, AŞ və ATƏT-ə müraciətinin mətni ilə tanış olmuşlar.