Serbiyanın və İordaniyanın ölkəmizdəki səfirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olublar
Bakı, 2 sentyabr, AZƏRTAC
Serbiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Draqan Vladisavljeviç və İordaniya Haşimilər Krallığının səfiri Sami Asem Ğoşeh Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olublar.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı IX Qlobal Bakı Forumunun nəticələri təqdim olunub və X Qlobal Bakı Forumuna hazırlıq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yaxın Şərqdəki və Balkanlardakı gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan olunub. Səfirlərə Mərkəz tərəfindən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “The Magic of the Pen: Select Miniatures from the Khamsa of Nizami Ganjavi” adlı kitabı təqdim edilib.