ŞƏRƏFLİ ÖMÜR YAŞAYANLAR HEÇ VAXT UNUDULMURLAR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tariximizin qəhrəmanlıq səhifəsi olan Bakı qırğınının 14-cü ildönümü münasibəti ilə keçirilən mitinqdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ötən müddətdə faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün dövlət səviyyəsində görülən işlərdən danışıldı.
Rayon icra hakimiyyətinin başçısı Aslan Aslanov 14 il əvvəl keçmiş SSRİ-nin ermənipərəst rəhbərliyinin törətdiyi bu faciəyə hüquqi və siyasi qiymət verilməsində ümumilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərindən danışdı. Faciənin növbəti ildönümünün dövlət səviyyəsində qeyd olunmasına dair Prezident İlham Əliyevin imzaladığı sərəncamı Heydər Əliyev siyasi kursunun davam etdirilməsi kimi qiymətləndirdi.
Sonra şəhid anası Svetlana Həsənova, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon təşkilatının sədri Mübariz Zeynalov, ziyalı Məzahir Cəfərov və başqaları çıxış edərək 20 Yanvar faciəsinə aparan yolu yada saldılar, o müdhiş gecədə Azərbaycan övladlarının göstərdikləri hünər və rəşadətdən danışdılar. Məktəblilərin göstərdikləri ədəbi-musiqili kompozisiyadan sonra abidə önünə əklillər və tər çiçək dəstələri qoyuldu, şəhid ailələrinə maddi yardım edildi.