“SƏRHƏDSİZ SÖZ” BEYNƏLXALQ ASSOSİASİYASI YARADILMIŞDIR
Yeddi ölkənin - Türkiyə, Ukrayna, Azərbaycan, Polşa, Belarus, Moldova, Şimali Kiprin yazıçılar təşkilatlarının təşəbbüsü ilə “Sərhədsiz söz” Beynəlxalq Assosiasiyası yaradılmışdır. Daha 10 ölkənin yazıçı təşkilatlarının da bu quruma qoşulmaları haqqında razılıq əldə edilmişdir.
Təşkilatın məqsədi öz ölkələrinin oxucularını bu qurumun üzvü olan məmləkətlərin ədəbiyyatı ilə tanış etmək, tərcümə ədəbiyyatının inkişafına və nəşrinə yardım göstərmək, bu sahədə mükafatlar təsis etmək, gənc tərcüməçi kadrların yetişdirilməsi üçün təqaüdlər vermək, klastik və çağdaş yazıçıların bu ölkələrdə yubileylərini keçirmək, yaradıcılıq səfərləri təşkil etməkdir.
Təşkilatın toplantılarını ildə iki dəfə keçirmək, çıxarılan qərarları konsensusla qəbul etmək nəzərdə tutulur. Təşkilatın sədri bir il müddətinə seçilir, sonra bu yer növbəti ölkənin nümayəndəsinə verilir. Anarın təklifi ilə təşkilatın builki sədri ukraynalı nasir Vladimir Yavorivski seçilmişdir. Təşkilatın ilk iclası payızda Kiyevdə keçiriləcəkdir.