ŞƏRQİ GÜRCÜSTANDA EKOLOJİ FƏLAKƏT TƏHLÜKƏSİ VAR
AZƏRTAC-ın Tbilisidən aldığı xəbərə görə, Kvemo-Kartli-Borçalı bölgəsinin Bolnisi rayonundakı mis yataqlarını işlədən “Madneuli” Səhmdar Cəmiyyəti suyu qeyri-səmərəli təmizlədiyi üçün burada ekologiyaya təhlükə yaranmışdır. Bunu Gürcüstan Prezidentinin bölgədəki səlahiyyətli nümayəndəsi Tamaz Karalaşvili martın 22-də Kvemo-Kartli hökumətinin iclasında bildirmişdir. O demişdir ki, “Madneuli”də suyun təmizlənməsi prosesi ilə “Ekoloq” Gürcüstan–Rusiya şirkəti məşğuldur. Təmizlənmiş su Maşavera çayına axıdılır. Lakin artıq bir aydan çoxdur “Ekoloq” bu proses üçün zəruri olan tozda aktivləşdirilmiş dəmir çatışmadığı üçün suyu əhənglə təmizləyir. Onun sözlərinə görə, çirkab axıb Kür çayına töküldüyü halda, bölgədə ekoloji fəlakət təhlükəsi yarana bilər.