REGİONLAR
Şərur rayonunda könüllü gənclər şəhid ailələrini ziyarət ediblər
Naxçıvan, 18 oktyabr, AZƏRTAC
Muxtar respublikanın Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc Şərur rayonunda yaşayan şəhid ailələrini ziyarət ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, gənclər şəhidlərimiz - mayor Vüsal Vəliyevin və leytenant Kamal Əbilovun ailə üzvləri ilə görüşüb, şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından söz açıblar. İştirakçılar şəhidlərimizin xatirə guşəsi, təltif edildikləri orden və medallarla tanış olublar. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri, fəaliyyəti ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər.
Gənclər və idman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda, vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə dövlət-xalq-ordu birliyinin parlaq təcəssümüdür. Zəfər yolunda gözünü qırpmadan döyüşə atılan gənc nəsli də xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada ordu quruculuğuna xüsusi diqqət yetirilir.
Görüşlərdən sonra şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.