Sesiliya Vaka Cons: Daha davamlı davranışlar şəhərlərdə daha yaxşı hava keyfiyyətinə dəstək verir
Bakı, 21 may, AZƏRTAC
Fərdlərin və icmaların təmiz havanı dəstəkləməsi üçün edə biləcəyi çox şey var. İlk növbədə, biz təmiz havanı anlamalıyıq.
Bunu AZƏRTAC-a açıqlamasında “Clean Air Fund”un nümayəndəsi, “Breathe Cities” təşəbbüsünün icraçı direktoru Sesiliya Vaka Cons deyib.
Havanın vəziyyətini anlamağa kömək edən müxtəlif mənbələrin və məlumat bazalarının mövcud olduğunu deyən S.V.Cons fikirlərinə belə davam edib: “Mənim ilk tövsiyəm insanların öz şəhərlərində və məhəllələrində havanın keyfiyyətinin necə olduğunu öyrənmələridir. Havanın keyfiyyəti ilə bağlı vəziyyəti anladıqdan sonra insanlar hava çirkliliyindən uzaq olmaq üçün hansı ərazilərdə hərəkət etməyin daha təhlükəsiz olduğuna dair qərarlar verə bilərlər. Bu, həm də vətəndaşları öz vərdişlərini dəyişməyə təşviq edir, çünki daha davamlı davranışlar şəhərlərdə daha yaxşı hava keyfiyyətinə dəstək verir.
Məsələn, nəqliyyat sahəsində aktiv hərəkətlilik — velosiped sürmək və ya piyada gəzmək daha yaxşıdır, çünki bu zaman heç bir emissiya yaranmır. Həmçinin ictimai nəqliyyatdan və kütləvi nəqliyyat vasitələrindən istifadə etmək, fərdi avtomobil sürməkdən daha faydalıdır. Daha təmiz havanı dəstəkləmək üçün insanların edə biləcəyi çox şey var. Ev təsərrüfatlarında isitmə sistemlərindən asılı olaraq, daha təmiz enerji mənbələrindən istifadə edə bilərik. Bəzi yerlərdə insanlar hələ də evlərini isitmək üçün odun və ya kömürdən istifadə edirlər. Bu isə əlbəttə ki, havanın keyfiyyətinə mənfi təsir göstərir. Buna görə də çirkləndirici isitmə sistemlərindən uzaq durmaq çox vacibdir. Bunlar fərd və ailə olaraq verə biləcəyimiz qərarlardır. Yəni havanın keyfiyyətini yaxşılaşdırmaq üçün edə biləcəyimiz çox müxtəlif addımlar mövcuddur”.