“ŞƏT plyus” formatında iştirak Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi önəmin göstəricisidir RƏY
Bakı, 2 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Bişkekdə “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirakı Azərbaycanın Mərkəzi Asiya və bütövlükdə Avrasiya məkanında artan siyasi və diplomatik rolunun göstəricisidir. Son illər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və Qırğızıstanla əlaqələr bu prosesdə xüsusi yer tutur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.
O bildirib ki, “ŞƏT plyus” formatında iştirak Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi önəmin göstəricisidir. Azərbaycan bu platformalarda yalnız siyasi məsələləri deyil, həm də nəqliyyat, logistika, enerji və iqtisadi əməkdaşlıq imkanlarını ön plana çıxarır. Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Xəzər dənizindən Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilməsi ölkənin geoiqtisadi əhəmiyyətini artırır.
"Dövlətimizin başçısının" ŞƏT plyus” formatındakı görüşdə etdiyi çıxışında Ermənistanla münasibətlərə və Cənubi Qafqazda yaranmış yeni reallıqlara toxunması da mühüm mesajdır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regionda münaqişə mərhələsi geridə qalmalı, yeni dövrdə sülh, qarşılıqlı əməkdaşlıq və nəqliyyat əlaqələri əsas prioritetə çevrilməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı səsləndirilən fikirlər isə beynəlxalq təşkilatların qəbul etdiyi qərarların effektiv icra mexanizmlərinə ehtiyac olduğunu göstərir",- deyə Ə. Məhərrəmzadə vurğulayıb.
O əlavə edib ki, Prezident İlham Əliyevin Bişkek səfəri və “ŞƏT plyus” görüşündə iştirakı Azərbaycanın xarici siyasətinin regional və qlobal miqyasda çoxvektorlu xarakterini bir daha nümayiş etdirir. Qırğızıstanla müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi, Mərkəzi Asiya ölkələri ilə strateji əməkdaşlığın genişləndirilməsi və Orta Dəhlizin inkişafı Azərbaycanın qarşıdakı dövrdə də bu istiqamətə xüsusi önəm verəcəyini göstərir.