Səttar Bəhlulzadənin ev-muzeyində rəssamın şəxsi gündəlikləri sərgilənib
Bakı, 15 dekabr, AZƏRTAC
Bu gün Xalq rəssamı, böyük sənətkar Səttar Bəhlulzadənin doğum günüdür. Bu münasibətlə ilk dəfə olaraq S.Bəhlulzadənin ev-muzeyində rəssamın şəxsi gündəlikləri sərgilənib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, gündəliklərdə görkəmli rəssam sənət haqqında fikirlərini qeyd edib, bəzi əsərlərinin təhlilini verib, gündəlik həyatında görüşdüyü şəxslərlə, ziyalılarla söhbətlərini qələmə alıb.
Tədbiri giriş sözü ilə muzeyin direktoru P.Abdinova açaraq qonaqları salamlayıb, sərgilənən materiallar haqqında məlumat verib.
Daha sonra S.Bəhlulzadənin gündəlik səhifələrində yazdığı xatirələri əsasında hazırlanmış videoçarx nümayiş olunub.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov, ziyalılar, sənətsevərlər iştirak ediblər.