Səudiyyə Ərəbistanında 31 mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra diplomatik nümayəndəliyimizin müşaviri R.Vəliyev iki əsrə yaxın ermənilərin xalqımıza qarşı soyqırımı siyasətini apardığını qeyd etmişdir. O, Azərbaycan torpaqlarına erməni əhalisinin köçürülüb yerləşdirilərək, demoqrafik vəziyyətin zorla dəyişdirildiyini, 1905-1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədilə kütləvi qırğının törədildiyi haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
Erməni millətçilərinin xalqımıza qarşı təcavüzünün bu gün də davam etdiyini, onun ağır nəticələrini qeyd edən R.Vəliyev müəyyən dövrlərdə bəzi dövlətlərin planlı şəkildə azərbaycanlıları öz tarixi torpaqlarından qovaraq, bu ərazilərdə erməni tarixçilərinin uydurduğu “Böyük Ermənistan” dövləti yaratmaq siyasətini reallaşdırmaq üçün ideoloji, hərbi və təşkilati xarakterli işlərin aparıldığını demişdir. O, bu siyasət ilə bağlı həqiqətin ümummilli lider Heydər Əliyevin qətiyyətli addımları sayəsində ictimaiyyətə çatdırıldığını və yalnız ulu öndərin 1998-ci il 26 mart tarixli Fərmanından sonra bu qanlı hadisələrə hüquqi-siyasi qiymətin verildiyini vurğulamışdır.
Digər çıxış edənlər də ermənilərin dəhşətli əməllərinin bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyini vurğulamışlar. Onlar bu siyasətin davamı olaraq cəbhə xəttində azərbaycanlı uşağın erməni snayperi tərəfindən qətlə yetirilməsinə dünya ictimaiyyətinin biganə qalmasının təəssüf doğurduğunu qeyd etmişlər.
Mərasimdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilmiş faciələri əks etdirən filmlər göstərilmişdir.