SİYASƏT
Seymur Nəsirov: Müsəlman ölkələrində xristianlar daim sülh içində yaşayıblar
Bakı, 16 mart, AZƏRTAC
Müsəlman ölkələrində xristianlar daim sülh içində və rahat yaşayıblar. Bu da İslam dininin tərbiyəsindən irəli gəlir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ümumdünya Fətva Orqanları üzrə Baş Katibliyin müşaviri Seymur Nəsirov "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində "Müstəmləkəçilik, yeni imperializm və islamofobiyanın kəsişməsi: tarixi və müasir perspektivlər” adlı plenar sessiyada çıxışı zaman deyib.
Onun sözlərinə görə, müsəlmanların öz dininə bağlılığı bir çox ölkələrdə narahatlıqlar yaradır. Ermənilər də daim müsəlmanlar arasında fitnə yaradıblar, onlara qarşı məkrli hərəkətlər nümayiş etdiriblər.
“Müsəlman ölkələrində xristianlar daim sülh içində və rahat yaşayıblar. Bu da İslam dininin tərbiyəsindən irəli gəlir. Bu gün bir çox ölkədə, xüsusilə Fransada müsəlmanlara qarşı qəddar siyasət həyata keçirilir. Tarixən fransızlar hər zaman müsəlmanlara qarşı bu cür qeyri-insani rəftar ediblər. Misirdə, Əlcəzairdə edilən hərəkətlər buna sübutdur”, - deyə S.Nəsirov qeyd edib.