ŞEYXÜLİSLAM ABŞ-IN AZƏRBAYCANDAKI SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
A.Paşazadə qonağı səmimi salamlayaraq, ona yeni vəzifəsində uğurlar arzulamış və əmin olduğunu bildirmişdir ki, xanım Ders Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həlli üçün var qüvvəsini sərf edəcəkdir.
A.Ders səmimi qəbula görə minnətdarlığını bildirərək demişdir ki, ABŞ bölgədə böyük coğrafi-siyasi əhəmiyyət daşıyan Azərbaycana öz siyasi tərəfdaşı kimi yanaşır. O vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri tarixi səfər olmuşdur. Səfir söyləmişdir ki, Azərbaycan dünya üçün dini dözümlülük modelidir, onun İslam ölkələri ilə böyük iş təcrübəsi əsl nümunədir.
Şeyxülislam xanım Dersin “Yaxın Şərqdə necə uğur qazanmalı?” sualına cavabında demişdir ki, İslam dünyası çox rəngarəngdir. Ərəb ölkələrinə, Türkiyəyə, yaxud İndoneziyaya eyni baxımdan yanaşmaq olmaz. Hər bir ölkənin adət və ənənələrini, mədəniyyətini öyrənmək, onların rəyi ilə hesablaşmaq lazımdır. Xalqı milli və dini qruplara ayırmaq qətiyyən yolverilməzdir.
A.Paşazadə xatırlatmışdır ki, ölkəmizdə dözümlülük həmişə olmuşdur, lakin onun dövlət səviyyəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və hazırda həmin xətti Prezident İlham Əliyev uğurla davam etdirir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Yaxın Şərqdəki vəziyyətdən narahatlığını ifadə edərək bildirmişdir ki, İslam Konfransı çərçivəsində regionun müsəlmanları adından müraciət hazırlamışdır. Müraciətdə Livanda müharibəni dayandırmaq tələbi irəli sürülür.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
Sonda görüş iştirakçıları bir-birinə xatirə hədiyyələri bağışlamışlar.