REGİONLAR
Səyyar “ASAN xidmət” İsmayıllıda
Bakı, 24 oktyabr, AZƏRTAC
Səyyar “ASAN xidmət” avtobusu oktyabrın 16-dan etibarən İsmayıllı şəhəri Heydər Əliyev prospekti, 55 ünvanında vətəndaşlara xidmət göstərir.
“ASAN xidmət”dən AZƏRTAC-a bildirilib ki, İsmayıllı rayonunda, ümumiyyətlə, 17 dəfə səyyar avtobus vasitəsilə xidmət gerçəkləşib. Bu dövr ərzində 61463 vətəndaş müraciəti daxil olub.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
Hazırda İsmayıllı rayonunda fəaliyyət göstərən Səyyar ASAN avtobusunun növbəti dayanacağı Ağdaş rayonu olacaq.
2013-cü ildən həyata keçirilən Səyyar “ASAN xidmət” vasitəsilə, ümumilikdə, 3 milyondan çox, 2024-cü ildə isə 136 min 931 vətəndaş müraciəti daxil olub.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus vasitəsilə səyyar formada əhaliyə xidmət göstərilir. Əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.