Səyyar “ASAN xidmət” penitensiar xidmət müəssisələrində
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə əməkdaşlığı ilə cəzaçəkmə müəssisələrində səyyar formada xidmətlər həyata keçirilir.
Cari il üçün yanvar ayından start verilən tədbirlər Səyyar “ASAN xidmət” çərçivəsində reallaşdırılır.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu çərçivədə penitensiar xidmət müəssisələrində cəza çəkən şəxslər üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.
2014-cü ildən bu günə qədər ölkə üzrə müxtəlif istintaq təcridxanaları, cəzaçəkmə müalicə müəssisələri və digər penitensiar xidmət müəssisələri olmaqla, ümumilikdə 3 minə yaxın şəxs müvafiq xidmətdən yararlanıb.
Xidmətin həyata keçirilməsi zamanı karantin rejiminin qaydalarına uyğun olaraq əməkdaşlar zəruri tibbi mühafizə geyimləri və vasitələri ilə təmin olunublar.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.