REGİONLAR
Səyyar həkim briqadaları yerlərdə imtiyazlı xəstələrə xidmət göstərəcək
![](/files/galleryphoto/2023/1/1200x630/16786885194645762606_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1678688519733465255_1200x630.jpg)
Füzuli, 13 mart, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayon ərazisində yaşayan imtiyazlı xəstələrin dərman təminatında yaranmış çətinlikləri aradan qaldırmaq, səyyar qəbullar zamanı vətəndaşların bu istiqamətdə səsləndirdikləri problemləri həll etmək məqsədilə rayon icra hakimiyyətinin və Füzuli Mərkəzi Rayon Xəstəxanası Publik hüquqi şəxsin birgə müşavirəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə rayon icra hakimiyyətinin, Füzuli Mərkəzi Rayon Xəstəxanası Publik hüquqi şəxsin rəhbərliyi, inzibati ərazi dairə üzrə icra nümayəndələri və bələdiyyələr iştirak ediblər. Müşavirə zamanı rayon ərazisində yaşayan imtiyazlı xəstələrin, xüsusilə şəkər xəstəliyindən əziyyət çəkən xəstələrin dərman preparatları və şəkər ölçən aparatlarla təminatında müəyyən çətinliklərin olduğu diqqətə çatdırılıb. Vətəndaşların səyyar qəbullar zamanı səsləndirdiyi dərman təminatındakı çətinliklər, məsafənin uzaqlığı baxımından yaşlı, əlil şəxslərin dərman almaq üçün Füzuli Tibb Mərkəzinə gedə bilməmələri məsələləri müzakirə edilib.
Müşavirədə TƏBİB-in rəhbərliyi ilə əldə olunan razılığa əsasən, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, qrafik üzrə ərazilərə təhkim olunacaq səyyar həkim briqadaları yaradılıb, ərazilərə təcili tibbi yardım maşınları təhkim olunub, imtiyazlı xəstələrin yerində müayinə olunmaları, zəruri dərman preparatları ilə təminatı üçün bu briqadalara və cavabdeh şəxslərə lazımi tapşırıqlar verilib.