“Shahin Novrasli Festival-2026”: Yubiley festivalının əsl şəhər hadisəsinə çevrilməsini istəyirik
Bakı, 29 iyun, AZƏRTAC
Bakı “Shahin Novrasli Festival”ının (keçmiş “Bakı Piano Festivalı”) beşinci, yubiley mövsümünə hazırlaşır. Bu il festivalda on ölkədən musiqiçilər iştirak edəcək, proqram isə ən müxtəlif musiqi ənənələrini və mədəniyyətləri bir araya gətirəcək. Qeyd edək ki, bu il “Bakı Piano Festivalı”nın adı dəyişdirilib və o, “Shahin Novrasli Festival” adlandırılıb.
Açılış həqiqətən də valehedici olacaq: tamaşaçılar Jozefina “Pepa” Beykerin ifasında Kuba və Latın Amerikasının alovlu ritmlərindən zövq alacaqlar. Festival səhnələrində, həmçinin Azərbaycan, Rumıniya, Macarıstan, İsrail, Braziliya, Fransa, Argentina, Türkiyədən olan musiqiçilər və Gürcüstandan olan etno-caz qrupu iştirak edəcək. Əsl Braziliya karnavalı isə festivalın kulminasiyası olacaq.
AZƏRTAC-ın müxbiri festivalın bədii rəhbəri Natəvan Növrəsli ilə söhbət edib və o, qarşıdan gələn proqram haqqında daha ətraflı bəhs edib.
“Yubiley festivalı sadəcə vacib bir tarix deyil, bu, festivalın tarixində yeni bir mərhələnin başlanğıcıdır. Bu il biz yenilənmiş konsepsiya, yeni vizual obraz və ən əsası, yeni bir məkan təqdim edirik.
Festival ilk dəfə olaraq bütövlüklə İçərişəhərin mərkəzinə köçür. Əsas məkan Qoşa Qala Qapısının yaxınlığındakı böyük açıq hava səhnəsi olacaq və burada hər axşam dünyaca məşhur musiqiçilərin və yeni nəsil caz səhnəsinin görkəmli nümayəndələrinin iştirakı ilə konsertlər keçiriləcək”, - deyə müsahibimiz qeyd edib.
Onun sözlərinə görə, festival konsert proqramı çərçivəsindən kənara çıxır. Bütün bu günlər ərzində qonaqlar Festival bazarından, gündəlik DJ setlərindən və İçərişəhərin müxtəlif guşələrindəki canlı musiqidən zövq alacaqlar və bu da bütün İçərişəhərin vahid festival məkanına çevrildiyi unikal bayram atmosferi yaradacaq.
“Bakının əlamətdar mədəni məkanlarının festivala qoşulması xüsusilə vacibdir. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi “Etude for Piano” ədəbi müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasiminin keçiriləcəyi məkan olacaq, Vaqif Mustafazadənin ev muzeyi isə qapılarını festival qonaqlarına açaraq onlara Azərbaycanın zəngin caz irsini xatırladacaq.
Şirvanşahlar Sarayı kompleksində açıq mətbuat konfransı keçiriləcək, ənənəvi uşaq konsertlərimiz isə bir daha gənc musiqiçiləri bir araya gətirəcək və ən istedadlı uşaqlara böyük bir musiqi bayramının bir hissəsi olmaq imkanı bəxş edəcək.
Biz yubiley festivalının sadəcə konsertlər silsiləsi deyil, musiqinin, tarixin, mədəniyyətin və insanların bir araya gəldiyi əsl şəhər hadisəsinə çevrilməsini istəyirik”, - deyə N.Növrəsli vurğulayıb.
Müəllif – Anara Axundova