Sığortaçılar xüsusi həssas əhali qrupu ilə davranış qaydaları barədə maarifləndirilib
Bakı, 16 yanvar, AZƏRTAC
Fiziki məhdudiyyətli şəxslərin sığorta şirkətlərində lazımi səviyyədə xidmətlə təmin edilməsi məqsədilə yerli sığorta şirkətlərinin əməkdaşları üçün təşkil olunmuş silsilə təlimlər uğurla yekunlaşıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, təlimlər “Maliyyə savadlılığının artırılması istiqamətində 2026-cı il fəaliyyət planı”na əsasən Mərkəzi Bankın cari il üzrə strategiyasına əsaslanaraq, Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
ASA Tədris Mərkəzinin direktoru peşəkar təlimçi Pərviz Quliyev tərəfindən keçilən təlimlərdə 50-yə yaxın sığortaçı iştirak edib. Dinləyicilərə xüsusi həssas əhali qrupu ilə davranış qaydaları, o cümlədən fiziki məhdudiyyətli müştərilərə xidmət zamanı tibbi yox, sosial yanaşmanın üstünlükləri və incəlikləri tədris edilib.
Təlimlərin yekununda iştirakçılara xüsusi sertifikatlar təqdim olunub.
Xüsusi həssas əhalinin maliyyə-sığorta xidmətlərinə əlçatanlıq səviyyəsinin daha da artırılması məqsədilə bu kimi təlimlərin il ərzində növbəti mərhələlərdə də davamlı olaraq təşkil ediləcəyi nəzərdə tutulur.